Xəzər dənizi
Xəzər dənizi - qazaxca Каспий теңізі , tükməncə Hazar deňzi , farscaدریای خزر - Daryâ-ye Xazar — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir.Dibində okean tipli yer qatı yerləşdiyinə görə dəniz adlanır.Axmaz olduğundan tərkibində duzun faizi 0,05 ‰ Volqa çayının deltasında 11—13 ‰ . Suyun səviyyəsi dəyişkəndir, hal - hazırda o okean səviyyəsində təqribən 28 metr aşağıdır.Onu dünyanın başqa iri su hövzələri Xəzərin sahəsi 380 min km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır.
Xəzər dənizinin adı haqqında tarixi məlumat
Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı, Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm döləti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə məxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni qərb dənizi. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda-Xəzər (Xəzərlər- V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, məxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.
Xəzər dənizi ətrafında yerləşən dövlətlər
- Azərbaycan
- İran
- Rusiya
- Türkmənistan
- Qazaxıstan
- Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycan Respublikasında 955,08 km, Rusiya Federasiyasında 695 km, Qazaxıstan Respublikasında 2320 km, Türkmənistanda 1200 km, İran İslam Respublikasında 900 km-ə yaxındır.
Xəzər dənizinin adaları
Xəzərdə çoxlu miqdarda adalar var (Pirallahı, Plita, Zorya, Muğan daşı, Kür daşı, Qarasu və s.)
Xəzər dənizinə axan çaylarVolqa ,Terek,Ural,Kür,Qusarçay, Qudyalçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay
Xəzər dənizinin neft və qaz ehtiyatları
Xəzər - əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyərli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzərin əsas sərvəti neft və qazdır. 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsertləri ilə bağlanan müqavilə "əsrin müqaviləsi” adlanır. Aparılan tədqiqatlar göstərir ki, Xəzər dünyada böyük neft anbarıdır. Hal–hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır. Xəzər nadir və qiymətli balıq növləri ilə də zəngindir. Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan "Neft daşları” şəhəri yaradılmışdır.
Xəzərin qumlu çimərlikləri əhalinin sevimli istirahət yeridir. Xəzərin zümrüd suyu, "qızıl” qumu, ultrabənövşəyi günəş şüaları yay aylarında turistləri cəlb edir.
Xəzər dənizinin bioloji sərvətləri
Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda - Xəzər . Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.
Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər, gızılbalıgkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Bunlardan durnabalığı , xanıbalığı , dabanbalığı şirin su mənşəlidirlər.
Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.
Sıf, çapaq, çəki həm çayda həm də dənizin şirin sulu hissələrində yaşayırlar. Yalnız nərəkimilər və siyənəkkimilər dənizin hər yerində yayılmışlar və ancaq çoxalmaq üçün çaya girirlər. Aterina (Atherina mochon pontica), iynəbalıq (Syngnathus nigrolineatus), kefal (Lisa auratus və Lisa saliens) və kambala sırf dəniz balıqlarıdır.
Kambaladan başqa bunların hamısı Azov və Qara dənizdən gəlib Xəzər denizində inkişaf və böyümək üçün əlverişli şərait tapıb.
Xəzər dənizi qoruqlarında 312 növü qeyd edilmişdir və sahillərində çoxlu su quşları yuvalayır. Xəzər dənizi xususən qu quşlarının iri qışlama yeri kimi məşhurdur. Xəzər dənizi quşların Avropa, Asiya və Yaxın Şərq arasında köçməsinin əsas marşrutlarından biridir. Miqrasiya zamanı hər il regiondan 12 milyona qədər quş uçub keçir, 5 milyon quş isə burada qışlayır. Azərbaijan sahilləri çox mühüm təbii əhəmiyyətə malikdir. Belə ki, onun qorunan körfəzləri, kiçik adaları, gölməçələri, bataqlıq sahələri miqrasiya edən və qışlayan, həm də orada daimi yaşayan və çoxalan növlər üçün ideal yerlərdir. Xəzər dənizində və onun qoruqlarında ördək, qaz, qaşqaldaq, qaradöş qaqar, qıvrımlələk qutan, iri qarabatdaq, xırda qarabatdaq, kürən vağ, flaminqo, fısıldayan qu, harayçı qu, boz qaz, ağqaş qaz, anqut və ya qırmızı ördək, ala ördək, yaşılbaş ördək, boz, ordəkcarcı cürə, qızılbaş dalğıc və s. yaşayır.
Xəzər dənizində 1809 növ və yarım heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olarki bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir.
Birinci qrup Xəzərin aftoxton faunasından ibarətdir, ümumi sayı 513 növdür. Bütün faunanın 48 faizini təşkil edir. Onlar Sarmat, Pont və Akcaqıl hövzələrində yaşayan qədim formalardan əmələ gəlmişdir. Siyənəklər, xuı balıqlar, çömçə xullar, nərə kimilər, dreyssen mollyuskaları, xərçənklər, turbellyarilər, bəzi polixetlər, mizidlərin böyük hissəsi üçüncü dövr dəniz faunasının qalıqlarıdır.
İkinci genetik qrupu Arktika növləridir. Hazırda əcdadları Şimal dənizindədirlər. Bunlar şimal dənizindən 10-12 min il əvvəl Xəzər dənizinə keçmişlər. Arktika qrupunun 14 növü var. Bura xərçənk kimilərdən limnokalanus, dörd növ mizit, iki növ ağ qızıl balıq, Xəzər qızılbalığı, yanüzən, dəniz yuyrüyü, Xəzər su itisi aiddir. Bunlar Xəzərə buzlaşma dövründən sonra əmələ gələn qöyçay vasitəsilə keçmişlər. Bunlar Orta və Cənubi Xəzərin 200-700 metr dərinliklərində yaşayırlar. Bu həmin dərinliklərdə suyun daha soyuq olması izah edilir (4,9-5,9 °C).
Üçüncü qrup Aralıq dənizi növləridir. Ümumi sayı 26-dır. Bunlar Xəzər dənizinə Xvalın dövründə Kumu-Manıc boğazı vasitəsilə keçmiçlər. Bu qrupa fabritsiya çoxqıllı qurdu, iki növ sirastoderma mollyusku,iynəbalıq və s. aiddir. Bəzi Aralıq dənizi növlərisə Xəzərə Volqa-Don kanalı açıldıqdan sonra keçmişlər. Dördüncü qrup şirin su faunası 228 növdür. Şirin su növlərinin Xəzərə keçməsi dənizin suyunun şirinləşməsilə əlaqədar bir neçə mərhələdə baş vermişdir. Bura qızıl balıglar, durnabalığıkimilər, naxakimilər,karpkimilər, xanıbalığıkimilər, həmçinin bəzi onurğasızlar (oliqoxetlər), rotatorilər,turbellyarilərin bir qismi, xironomidlər və s. daxildir. Beşinci qrup dəniz növləridir. Bunlar infuzorlar (386 forma), iki foraminifer və s. aiddir.
Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır. Xəzər tıspağası
Xəzər Balıqları
- Nərəkimilər fəsiləsi (Acipenseridae)
- Bölgə (Huso huso)
- Rus nərəsi (Acipenser guldenstadti)
- Kür (İran) nərəsi (Acipenser güldenstädtii persicus natio cyrensis)
- Kələmo (Acipenser nudiventris)
- Kür (Cənubi Xəzər) uzunburunu (Asipenser stellatus stellatus natio cyrensis)
- Siyənəkkimilər fəsiləsi (Clupeidae )
- Ançous kilkə (Clupeonella engrauliformis)
- İrigöz kilkə (Clupeonella grimmi)
- Adi kilkə (Clupeonella delicatula caspia)
- Qızılbalıq (Salmo trutta caspius)
- İlanbalığı (Caspiomyzon wagneri)
- Xəzər şişqarını (Alosa caspia caspia)
- İrigöz siyənək (Alosa brashnikovi autumnalis)
- Volqa siyənəyi (Alosa kessleri volgensis)
- Qarabel siyənək (Alosa kessleri kessleri)
- Çəkikimilər fəsiləsi (Cyprinidae)
- Kütüm (Rutilus frisii kutum)
- Kefalkimilər
fəsiləsi (Mugilidae)
- Qızılı kefal (Lisa auratus)
- Sivriburun kefal (Lisa saliens)
- Xulkimilər
fəsiləsi (Gobiidae)
- Xəzər xulu (Neogobius caspius)
- Girdə xul (Neogobius melanostomus affinis)
- Şirman xulu (Neogobius syrman eurystomus)
- Qumluq xulu (Neogobius fluviatilis pallasi)
- Kessler xulu (Neogobius kessleri gorlap)
- Knipoviç xulu (Knipowitschia longicaudata)
- Qrimm çömçə xulu (Benthophilus grimmi)
- Digər növlər
- Aterina (Atherina mochon pontica)
- İynəbalığı (Syngnathus nigrolineatus)
Zooplankton
Xəzər dənizinin zooplanktonunda infuzorlar , bağırsaqboşluqlar, rotatorilər, qurdlar, molyusklar, həmçinin balıqların kürüsü və sürfələrə rast gəlinir. Zooplankton balıqların və balinaların gidasında mühüm rol oynayır, o çox qidalıdır. Dünya okeanı dənizlərində təqribən 2000 zooplankton heyvanlar, o cümlədən 1200 növ xərçənglər qeyd edilmışdir.
Xəzər dənizini zooplanktonunda 315 növ yaşayır: onlardan 135 növ infuzorlar, 2 növ bağırsaqboşluqlar, 67 növ rotatorilər, 54 növ şaxəbığcıqlı xərçənglər, 32 növ kürəkayaqlı xərçənglər, 1 növ çanaqlı xərçənglər, 6 növ mizidlər, 5 növ kumlar, 6 növ yanüzənlər, 1 növ izopodlar, 1 növ su gənələri. Xəzər dənizində yaşayan 135 növ plankton infuzorların 73 növü Şimali Xəzərdə, 112 növü Orta Xəzərdə və 108 növü Cənubi Xəzərdə yaşayır. Rotatorilər əsasən dənizin şirin su olan - Volqa və Kür çaylarının dənizə töküldüyü sahələrində yaşayırlar. Xəzər dənizinin zooplanktonunda şaxəbığcıqlı xərçənglər mühüm rol oynayırlar. Onlardan şirin su növlərinə əsasən Şimali Xəzərdə və Volqa çayının dənizə tökülən hissəsində təsadüf edilir. Xəzər dənizi planktonunda kürəkayaqlı xərçənglərin aşağıdaki yarımdəstələrin (Calanoida - 6 növ, Cyclopoida- 17 növ, Harpacticoida - 9 növ) vardır. Burada say hesabı ilə birinci yeri limnokalanus xərçəngi tutur. Xəzərin planktonunda mizidlər, yanüzənlər və onurğasız heyvanların sürfələri də mühüm rol oynayırlar. Payızda zooplanktonun biokütləsi dənizin sahil zonasında artır, lakin dənizin orta hissəsində onun biokütləsi xeyli aşağı olur. Xəzər dənizi zooplanktonunun trofik strukturu aşağıdakı kimi təmsil olunmuşdur: dərin zonalarda fitofaqlar üstünlük təşkil edirlər, dairəvi axın zonasında yırtıcıların rolu artır, dayaz yerlərdə isə fitofaqlar və yırtıcılarla yanaşı, həmçinin detritofaqlar görünməyə başlayır.
Zoobentos
Xəzər dənizində bentik heyvanalrın yayılması onun dibini örtən torpaq tiplərindən və dərinlikdən asılıdır. Hazırda Xəzərin dib hissəsində onurğasız heyvanların 855 növü və yarımnövü qeydə alınmışdır. Onların 305 növünü infuzorlar, 52 növünü nematodlar, 118 növünü molyuskalar, 74 növünü yanüzənlər və 46 növünün çanaqlı xərçənklər və s. təşkil edir. Dənizin sahil zonalarında (0-50m) bentik heyvanların növ müxtəlifliyi onun dərin hissələrinə nisbətən çoxdur. Şimali Xəzərin bentosunda 276 növ heyvan qeyd edilmişdir. Orta Xəzər bentosunda 589 növ heyvan yaşayır. Onlardan 233 növü infuzorlardır. Orta Xəzərin qərb hissəsində 199 növ infuzor yaşayır. Orta Xəzərin zoobentosunda biokütləcə Azov və Qara dəniz növləri (abra, mitilaster, serastoderma, nereis) və bəzi Xəzər növləri-dreysena, pirqula ilbizləri, hipaniya qurdu və xironomid sürfələri üstünlük təşlkil edirlər. Bentik heyvanların yüksək inkişafına Xudat və Giləzi arasındakı sahələrdə rast gəlinir. Orta Xəzərin şərq hissəsində çoxlu miqdarda yanüzən xərçənklər inkişaf edirlər.Cənubi Xəzərin zoobentosunun balıqların artmasında əsas rolu vardır. Cənubi Xəzərin bentosunda 589 növ heyvan qeydə alınmışdır. Onların 279 növü infuzorlardır. Bentik heyvanların maksimum inkişafına dənizin 10-50 m dərinliklərində rast gəlinir. Burada biokütləcə mitilaster, abra və dreyssena ilbizləri üstünlük təşkil edirlər. Bentik heyvanların maksimum inkişafına Bəndovan burnundan, Lənkaran və Astara yaxınlığında rast gəlinir. Kür çayının dənizə tökülən hissəsində cəmi 13 növ heyvan qeyd edilmışdir. Ümümiyyətlə, Cənubi Xəzərin şərq hissəsində bentik heyvanların 389 növü yaşayır. Onların 176 növü infuzorlardır. Molyuskalar arasında mitilaster və abra əsas yeri tuturlar. Bentik heyvanlar əsasən Təzabad yaxınlığında, Oqurçinsk adası və Ulski bankası yaxınlığında daha çox inkişaf edirlər. Xəzər dənizinin suyunun şorlanması ilə əlaqədar olaraq onun zoobentosunun tərkibində böyük dəyişikliklər baş vermişdir. Körfəzlərdəki sularda duzluluğun artması nəticəsində tamamilə yeni biosenozlar əmələ gəlmişlər ki, bu biosenozlarda Azov və Qara dənizlərdən Volqa-Don kanalı vasıtəsilə şortəhər sularda yaşayan orqanizmlərin gəlməsi hesabına baş verir. Bu proses Krasnovodsk, Cənubi Çələkən, Balxan, Qızılağac, Qorqan körfəzlərində daha intensiv gedir. Hazırda həmin körfəzlərdə Azov və Qara dəniz növləri bütün sahələri tutmuşlar. Təkcə Qazaxıstan körfəzində suyun duzluluğu gözəçarpan dəyişikliyə uğramadığı üçün Xəzər faunası öz domanantlığını saxlamışdır. Orta və Cənubi Xəzərin sahil zonalarının, eləcə də Şımali Xəzərin bentofaunasının rəngarəngliyi bu rayonlara müxtəlif balıqları – nərə, külmə, çəki, bəzi xullar, aterina və s. balıqları cəlb edir. Xəzərin bütün rayonlarında zoobentosun əsas biokütləsini Azov və Qara dənizlərdən gəlmiş növlər təşkil edir. Xəzərin səviyyəsinin qalxmasının təsiri altında dənizin dib faunasının məhsuldarlığında dəyişikliklər baş verir. Zoobentosun biokütləsi Orta və Cənubi Xəzərdə daha məhsuldardır, burada yem bazasının böyük ehtiyatları vardır. Lakin Şimali Xəzərin dibində yaşayan yem ehtiyatlarından balıqlar tam istifadə edirlər, çünki həyatı Volqa və Ural çayları ilə bağlı olan bütün balıqlar bu rayonlarda qidalanır.
Perifiton
Perifitona bəzən bioloji örtük də deyilir. Xəzərdə olan təbii və süni substratlarda çoxlu miqdarda perifiton orqanizmlər inkişaf edirlər. Perifitonda bakteriyalar, yosunlar, infuzorlar, süngürlər, briozoylar, qurdlar, molyuskalar, bığayaqlı xərçənklər və s. yaşayırlar. Xəzər dənizi perifitonunda 90 növ bitki və 212 növ heyvan qeyd edilmişdir. Əsrimizin əvvələrində Xəzər dənizində cəmi bir neçə növ perifiton heyvan yaşayırdı. Həmin heyvanlar Xəzərdə olan hidrotexniki qurğulara heç bir ziyan vurmurdular. Lakin Azov və Qara dənizlərdən Xəzər dənizinə yeni heyvanların gəlməsi ilə əlaqədar olaraq perifitonun rolu xeyli artmışdır. Hazırda perifiton heyvanlar gəmilərin, dəniz estakadaların və s. suda qalmış hissələrində külli miqdarda inkişaf etməklə onlara böyük ziyan vururlar. Mitilaster ilbizi Xəzər dənizinə Qara dənizdən gəmilərlə gəlmişdir. O, Xəzərdə ilk dəfə Bakı buxtasında qeyd edilmiş və buradan Cənubi Xəzərin qərb sahilinə, sonra şərq sahilinə və getdikcə dənizin bütün sahələrinə yayılmışdır. Xəzər dənizi perifitonundakı bütün dıyişiklər Volqa-Don kanali istismar olunandan sonra baş vermişdir. Bu kanalla Xəzər dənizinə gəmilərə yapışmış halda Qara və Azov dənizlərində yaşayan bir çox perifiton orqanizmlər gəlmişdir.Xəzər dənizinin perifitonunda 172 növ infuzor qeyd edimişdir, onların 30 növünə dənizin bütün akvatoriyasında rast gəlinir. Xəzər dənizi perifitonunda molyuskalardan mitilaster mühüm rol oynayır. Perifitonun tərkibində mitilasterdən başqa dreyssena, abra, serastoderma, teodoksus molyuskaları da vardır. Xərçənglərdən korofiidlər Xəzərdəki bioloji örtüklərdə böyük rol oynayırlar. Xəzər dənizi perifitonunda balanus xərçəngi (Balanus improvisus) əsas rol oynayır. Suda olan əşyaların və hidrotexniki qurğuların bioloji örtüklərinin hamısında balanus üstünlük təşkil edir. Xəzərin bioloji örtüklərində briozoyların 3 növü yaşayır. Son zamanlar Xəzər dənizinin perifitonunda sonboşluqlardan barensiyaya qeyd edilmişdir. İlk dəfə ona Krasnovodsk körfəzində rast gəlinmişdir. Xəzərdə gəmilərin alt hissəsində 10 növ heyvan tapılmışdır ki, bunlar hidrotexniki qurğulardakı bioloji örtüklər üçün də xarakterikdir. Perifiton heyvanların balıqların qidasında rolu olduqca azdır. Bəzi plankton balıqlar onların sürfələrindən istifadə edirlər.
Onurğasız heyvanlar
Xəzərdə yaşayan heyvanların əsas hissəsini onurğasız heyvanlar təşkil edir. Onların payına 1394 növ düşür ki, buda 77,1% təşkil edir.
Xəzərdə kökayaqlıların 10 növü, Heliozoyların hər iki növü,
Qamçıdaşıyanlar (Mastiqophora) Bu yarımtip sarkomastiqoforlar tipinə daxildir. Bunların hamısında qamçı var və onun köməyi ilə hərəkət edirlər. Hazırda 6-8 min. növü vardır.
İnfuzorların 460 növü (21 növü parazitdir), süngərlər 3 forması olan bir növü, bağırsaqboşluqların 5 növü, kirpikli qurdların 29 növü, Nemertinlərin 1 növü (Prostoma clepsinoides) məlumdur
nematodların 52 növü, rotatorilər 67 növü, çoxqıllı qurdların 32 növü,
Zəlilər (Hirudinea) Piscicola caspia, Caspiobdella tuberculata, Archaeobdella esmonti. Bunlar sularda, dənizdə, bəzən isə quruda yaşayırlar Hazırda zəlilərin 400 növü vardır. Xəzərdə isə 3 növü qeyd edilmişdir.
Şaxəbığcıqlı xərçənglər (Cladosera) Pleopis polyphemoides, Polyphemus exiguus, Evadne anonux, Podonevadne, Cornigerius, Caspievadne, Cercopagis, Apagis cinslərinin növləri Xəzər dənizində geniş yayılmışdir. Hazırda 380 növü var, onlardan 55 növünə Xəzər dənizində rast gəlınır. Pleopis polyphemoides növündən başqagalan bütün formalar Xəzər və Azov dənizləri üçün endemikdir. Bu növ Xəzər dənizinə 1957-ci ildə Volqa-Don kanalı acıldıqdan sonra gəlmişdir.
Kürəkayaqlı xərçənglər (Copepoda) Xəzər dənizində 21 növ sərbəstyaşayan kürəkayaqlı xərçənk qeyd edilmişdir. Bu 5 növü Eurytemora minor, Halicyclops sarsi, Estinosoma concinnum, Schizopera akatovae, Smirnnoviella unisetosa Xəzərdə geniş yayılmışdır.
Bığayaqlı xərçənglər (Cirripedia) Hazırda bığayaqların 1000 növü vardır. Onlardan Xəzər dənizində isə 2 növü – Balanus improvisus ilk dəfə 1955-ci ildə, B. eberneus 1956-cı ildə qeyd edilmişdir. Hər iki Xəzərə Azov dənizindən, Volqa-Don kanalı açıldıqdan sonra gəmilərə və hidrotexniki qurğuların bioloji örtüklərinin əsas hissəsini təşkil edir. B.eberneus əsasən dənizin dibində yaşayır.
Çanaqlı xərçənglər (Ostrasoda) Cyprideis littoralis, Leptocythere lonqa Darüinula stevensoni, Cytherissa inormis, Leptocythere laevis, L.minuta, L laetifica Xəzər dənizinin sahil sularında lil, qum və balığqulağı biotoplarında yaşayırlar. Onların bəzi növləri bentik balıqların qidasını təşkil edirlər.
Mizidlər (Mysidacea) Hazırda mizidlırin 500 növü məlumdur, onlardan Xəzər dənizində 20 növü qeyd edilmişdir, bunlardan 13 növü endemik hesab olunur, 7 növünə isə Xəzər dənizindən başqa həm də Qara və Azov dənizlərində də rast gəlinir. Mysis macrolepis, M.microphthalma, M. amblyops, Paramysis loxolepis həmişə planktonda yaşayırlar. Mizidlər bəzi balıqların qidasında şışqarın siyənəklər, sıf, uzunburun,çapaq və s. mühüm rol oynayırlar.
Kumların 18 növü, bərabərayaqlıların 2 yarımnövü, yanüzənlərin 74 növü (69 növü yerli faunadır, 4 növü (Pseudolibrotus caspius, P. Platyceras, Pontoporea affinis microphtalma, Gammaracanthus loricatus caspius) Arktika faunası qrupuna daxildir), oOnayaqlıların 5 növü.
Su gənələri (hydracarina). Xəzərdə 2 növü məlumdur, dənizdə, şirin sularda və quruda yayılmışlar. Caspihalacarus hyrcanus Bakı buxtasında, Copidognathus oxicanus isə Şimali Xəzərin şərq hissəsində qeyd edilmişdir. Hər iki növ planktonda yaşayır.
xironomidlərin 8 növü, Nəm milçəklərininCulicoides cinsinə aid növləri, molyuskların 118 növü, Briozoyların 6 növü, sonboşluqların 1 növü (Barentsia benedeni) qeydə alınmışdır.
Bitkilər aləmi
Xəzər dənizinin florası miosen dövründən məlumdur. Dənizinin florası 755 növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Ali bitkilər guruda, dənizlərdə və şirin sularda yaşayırlar. Xəzər dənizində yaşayan bitkilərə bunlar aiddir: dənizotu (zostera notli), daragşəkilli suçiçəyi(potamogetonpestinatus), 2 növ ruppiya (ruppia spiralis, r.maritima, najas marina). Dənizotu çoxillik bitki olub, əsasən vegetativ, bəzən isə cinsi yolla çoxalır. Suçiçəyinə dənizin sahil zonasında, najas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ali su bitkiləri onurğasız heyvanlar və balıglar üçün yaxşı sığınacagdır. Ali bitkilərlə həm balıglar, həm də su quşları gidalanır. Bir çox balıglar öz kürülərini onların üzərinə tökürlər.
Fitoplankton balıq sərvətinin əsasıdır. Dəniz canlılarının əksəriyyəti onunla qidalanır. Xəzər dənizinin fitoplanktonu başqa dənizlərin fitoplanktonundan dəniz növlərinin az olması və şirin su növlərinin üstünlüyü ilə fərqlənir. Xəzər dənizi fitoplanktonunda həm şirin su və həm lə şortəhər su yosunları yaşayır. Bu da dənizinin duzluğunun az olması ilə bağlıdır. Xəzər dənizinin fitoplanktonunda 450 növ josun qeyd edilmişd ir: onların 163 növü diatom yosunlar,102 növü göy-yaşıl yosunlar , 139 növü yasıl yosunlar, 39 növü dinofit yosunlar, 2 növü qızılı yosunlar, 5 növü evglen yosunlardır. Xəzərin fitoplanktonunda 47 növ dəniz yosunu, 66 növ şortəhər su yosunu, 74 növ şortəhər – şirin su yosunu, 210 növ şirin su yosunu və 52 növ başqa yosunlar vardır. Xəzər dənizi fitoplanktonunda prorosentrum və rizosoleniya daha çoxdur. Orta və Cənubi Xəzərin suyunun duzluğu Şimali Xəzərə nisbətən yüksək olduğu üçün burada şirin su yosunları yaşaya bilmir və məhv olurlar.
Yosunlar
Xəzərdə normal duzluğa malik dənizlərdə yaşayan yosunlar qrupu yoxdur. Xəzər dənizində yaşıl və göy-yaşıl yosunlar üstünlük təşkil edirlər. Əsrimizin 30-cu illərinin əvvəlində Xəzər dənizinə Qara dənizdən diatom yosun -rizosoleniya keçmişdir ki, hazırda bütün Xəzəri basmışdır. Volqa-Don kanalı açıldıqdan sonra Xəzərdə Azov və Qara dənizlərdə yaşayan başqa yosun növləri görünməyə başlamışdır. Yosunlara ibtidai bitkilər qrupu, adətən, su bitkiləri aiddir. Yosunlar müxtəlif rəngdə olurlar ki, bu da onlarda olan xlorofil və başqa piqmentlərin qarşılıqlı nisbətindən asılıdır. Xəzər dənizində göy-yaşıl, qızılı, diatom, qırmızı, yaşıl, qonur, xara, dinofit yosunları yaşayırlar.
Xəzərdə göy-yaşıl yosunların 203 növü, qızılı yosunların 2 növü (Dinobryon baltikum və Dinobryon sertularia), Diatom yosunların 292 növü, yaşıl yosunların 139 növü, xara yosunların 10 növü, qonur yosunların 13 növü, qırmızı yosunların 25 növü yayılmışdır.
[redaktə / تحریر]Ali bitkilər
Hazırda ali bitkilərin 300 min növü məlumdur. Xəzərdə onların 5 növü qeyd edilmişdir. Bunların hamısı çiçəkli bitkilərə aiddir: dənizotu (Zostera nolti), daraqşəkilli suçiçəyi (Potamogeton pectinatus), 2 növ ruppiya (Ruppia spiralis, Ruppia maritima), najas (Najas marina). Dənizotu qum və qumbalıqqulağı torpaqlarda inkişaf edir. Suçiçəyinə dənizin sahil zonasında, nayas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ruppiyaların hər iki növü körfəzlərdə yaşayır. Ali bitkilərlə həm balıqlar, həm də su quşları gidalanır. Bir çox balıqlar (çəki, çapaq, külmə) öz kürülərini onların üzərinə tökürlər.
Fitoplankton balıq sərvətinin əsasıdır. Dəniz canlılarının əksəriyyəti onunla qidalanır. Xəzər dənizinin fitoplanktonu başqa dənizlərin fitoplanktonundan dəniz növlərinin az olması və şirin su növlərinin üstünlüyü ilə fərqlənir. 1934-cü ildə Xəzər dənizi planktonunda rizosoleniya diatom yosunun müşahidə olunması dənizin fitoplanktonunda xeyli dəyişiklik əmələ gətirmişdir. Şimali Xəzər fitoplanktonunda şirin su yosunları üstünlük təşkil edir ki, bunlardan da ən çox yayılanı göy-yaşıl və yaşıl yosunlardır. Orta Xəzər fitoplanktonunda diatom və göy-yaşıl yosunlar üstünlük təşkil edirlər. Fitoplanktonun fəsillər üzrə dəyişməsi aşağıdaki kimidir. Yazda Şimali Xəzərin cənub-qərb və Volqa çayı tökülən hissəsində diatom yosunların külli inkişafı qeyd edilir.Yayda fitoplanktonda yaşayan yosunların növ tərkibi artır. Payızda Şimali Xəzər fitoplanktonunda göy-yaşıl yosunlar demək olar ki, yox olurlar və onların əvəzində əsasən diatom və dinofit yosunları inkişaf etməyə başlayırlar. Orta və Cənubi Xəzərdə Şimali Xəzərdən fərqli olaraq, yosunların inkişafı qışda da davam edir. Dənizin şərq hissəsində qərb hissəsinə nisbətən yosunlar daha çox artırlar ki, bu da suyun həmin hissədə daha çox olması ilə əlaqədardır.
Cənubi Xəzərin qərb hissəsi, xüsusən dənizin 3,5 m dərinliyinə qədər olan yerləri yosunlarla zəngindir. Ələt və Bəndəvan burunları yaxınlığında qırmızı yosunlar və dənizotu yaxşı inkişaf edirlər. Böyük Qızılağac körfəzində ali bitkilərdən dənizotu və suçiçəyi yaxşı inkişaf edirlər. Krasnovodsk və Türkmən körfəzlərinin dibində, Oqurçinsk və Osuşnoy adalarının sahil zonalarında ali su bitkilərinin bütün növlərinə rast gəlinir. Krasnovodsk körfəzinin şimal hissəsində xara yosunları yaxşı inkişaf edirlər. Şimali Çeleken körfəzində 2 növ yaşıl, 1 növ xara, 4 növ qırmızı yosun və 2 ali su bitkisi qeyd edilmişdir. Körfəzin orta hissəsində yosunların külli miqdarda inkişafına rast gəlinir.
Şimal Xəzər dənizinin fitobentosu dənizin bioloji məhsuldarlığında mühüm rol oynayır. Fotobentosda bitkilər arasında çoxlu miqdarda qurdlar, molyusklar, xərçənglər (yanüzənlər, mizidlər, yengəclər, krevetkalar) və körpə balıqlar yaşayırlar. Fitobentik bitkilər bir çox onurğasız heyvanlar və balıqlar üçün sığınacaq hesab olunurlar.