Naxçıvan Muxtar Respublikası - Azərbaycan Respublikası tərkibində muxtar respublika. Kiçik Qafqazın
cənub-qərb qurtaracağında yerləşir. Ərazisi 5,363 km², 1 yanvar 2007-ci
il vəziyyətinə görə əhalisinin sayı 379,473 nəfərdir. 11 sentyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının (NMR) 400 000-ci sakini doğulmuşdur.[1]
Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32
faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr
yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000
metrdən daha artıq yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan
Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz
dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağı dır (3120 m).
1921-ci ildə SSRİ-nin ermənipərəst liderləri tərəfindən Azərbaycanın Zəngəzur bölgəsini Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Naxçıvan MR Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir.
Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində
yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə
"Şərqin qapısı" adı verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdur.
Naxçıvanın rayonları və şəhərləri
Mədəniyyət
Hazırda Muxtar Respublikada 297 kitabxana, 265 klub müəssisəsi, 16
muzey, 1 rəsm qalereyası, 2 dövlət teatrı, 6 mədəniyyət və istirahət
parkı, 25 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir.
Etnik tərkibi
1970 - ci ildə aparılmış siyahıya almaya əsasən Naxçıvan Muxtar Vilayətinin əhalisi 202.187 nəfər olmuşdur .[2]
27 yanvar - 4 fevral 1999-cu il tarixində Azərbaycan Respublikasında
aparılmış əhalinin siyahıya alınmasının yekunlarına əsasən Naxçıvan
Muxtar Respublikasının əhalisi 354.072 nəfər (350.806 nəfəri Azərbaycan türkləri, 2.282 nəfəri kürdlər, 517 nəfəri ruslar, 215 nəfəri türklər, 140 nəfəri ukraynalılar, 51 nəfəri tatarlar, 17 nəfəri ermənilər, 11 nəfəri ləzgilər, 2 nəfəri gürcülər, 1 nəfəri talışlar, 30 nəfəri isə digər millətlərin nümayəndəsi olmaqla) olmuşdur .[3]
Tarix
Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə
malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə
yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət
sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan"
adlanmışdır.
Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi
göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk
mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana",
pəhləvicə "Naxç", ərəbcə - "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ
ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan
sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah
edirlər. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin
ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli
türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür.
Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun
3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata
Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın
hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək
yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37
nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil
edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II
minilliyin ortalarına (1539) aid olduğunu göstərir.
Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III
yüzilliyində sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin
birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə
sasanilərə məxsus zərbxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş
pullar kəsilmişdir.
Səlcuqlar dövründə Naxçıvan
VII yüzilliyin I yarısında Naxçıvan Bizans imperatoru İraklinin hücumuna məruz qalmışdır. 654-cü
ildə ərəb əmiri Həbib ibn Məsləmə Naxçıvanı zəbt etmişdir. Şəhər
inzibati cəhətdən xilafətin 3-cü əmirliyinə daxil edilmişdir. Bu dövrdə
feodal zülmünə, həmçinin yadellilərin əsarətinə qarşı bir sıra çıxışlar
olmuşdur. IX yüzilliyin əvvəllərindən ərəblərə qarşı xürrəmilər adlı
xalq hərəkatı başlamışdır. Xürrəmilərin əsas dayaq nöqtələrindən və
hərbi düşərgələrindən biri Naxçıvan şəhəri idi. IX-X yüzilliklərdə
Naxçıvan Sacilər və Salarilər dövlətlərinin tərkibində olmuşdur.
XI əsrin ortalarından Naxçıvan Səlcuq sultanlarının ixtiyarına verildi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Arslan 1064-cü
ildə Naxçıvanı ələ keçirmişdir. Sultan Alp Arslan zamanında Azərbaycan
bölgəsindəki digər krallıqlar tamamilə itkisiz hala gətirilmiş və bu
üzdən Alp Arslana Ebulfəth ünvanı verilmişdir. Alp Arslan oğlu
Məlikşahı və vəziri Nizam ül-Mülkü öz yerinə qoyub Naxçıvanı tərk
etmişdi. Məlikşahın hakimiyyəti isə, Azərbaycanın türkləşməsinin son
səhifəsini tamamlayır. 1092-ci
ildə Məlikşahın ölümündən sonra Səlcuq imperiyası bir neçə müstəqil
dövlətlərə parçalandı. Lakin buna baxmayaraq Naxçıvan şəhəri müəyyən
müddət Səlcuq sultanlarından asılı vəziyyətdə qalmışdı. Səlcuqların
Azərbaycan üzrə canişini Naxçıvanda yərləşirdi.
Atabəylər və Elxanilər hakimiyyəti
Gəncədəki Səlcuqlu dövlətinin bir valisi olan Şəmsəddin Eldənizin 1136-cı ildə bölgəyə hakim olması ilə Atabəylər
dönəmi, daha doğrusu Eldənizlər dövrü başlamışdır. XII yüzilliyin
ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə
Naxçıvan Atabəylər dövlətlərinin əsas ticarət və sənətkarlıq mərkəzinə
çevrilmişdi. Naxçıvan şəhəri XII yüzilliyin 30-cu illərinin sonundan 1175-ci ilədək bu dövlətin paytaxtı olmuşdur.
Naxçıvan həm də iqtisadi və hərbi əhəmiyyətə malik olan şəhər idi.
Eldənizlərin ilk və əsas iqamətgahlarından olan Naxçıvan şəhəri xeyli
inkişaf etmişdi. Naxçıvanda qiymətli memarlıq abidələri - qalalar,
saray, məscid, türbə və s. tikilirdi. Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvan hakimi onun arvadı Zahidə xatun idi. Dövlətin xəzinəsi Əlincə qalasında saxlanırdı.
Naxçıvanda olan Fransız səyyahı Vilhelm de Rubruk monqol istilasına
qədər Naxçıvanın böyük bir dövlətin paytaxtı, iri və gözəl şəhər
olduğunu qeyd edirdi. Şəhər 1221-ci ildə Çingiz ordularının hücumuna məruz qalmış, xeyli dağıntılar olmuşdur.
Monqolların hücumundan sonra Naxçıvan 1225-ci
ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqiburinin hakimiyyətinə
tabe olur. Lakin şəhər monqolların hücumları zamanı daha böyük
təhlükəyə məruz qalır. Hülakü xan zamanında Naxçıvana gələn türkmənlər
ilə daha qədimdən burada yaşayan türklər qaynayıb-qarışmışlar. Naxçıvan
Elxanilərdən sonra XIV əsrin ikinci yarısından etibarən Çobanilərin,
Cucilərin, Cəlairlərin, Müzəffərlərin hücumlarına məruz qalmışdır.
1386-cı ildə Teymurləngin qoşunları Naxçıvana gəlmişlər. Bu hücumda
Naxçıvanın təsərrüfat həyatına və maddi mədəniyyətinə ziyan dəymişdir.
XV əsr Qaraqoyunluların hakimiyyəti zamanında Naxçıvan daha da inkişaf
etmişdi.
Səfəvilər dövründə Naxçıvan
XIII yüzillikdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi
dərviş təriqəti yarandı. Həmin yüzilliyin sonunda belə dərviş
ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində olmuşdu. Ordenin
və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1334)
adı ilə bağlı idi. XV yüzilliyin ikinci yarısında Ərdəbil feodal
hakimliyinin əhəmiyyəti xeyli artdı. Səfəvilər dünyəvi və ruhani işləri
öz əllərində birləşdirdilər. Səfəviyyə təriqəti Şeyx Cüneyd zamanında (1447-1460) tamamilə siyasi bir mahiyyət kəsb etmişdir.
Səfəvi xanədanlığının siyasi yüksəlişi 1501-ci
ildə Şeyx İsmayılın Naxçıvanda Ağqoyunlu ordusunu məğlub etməsi ilə
başlanır. Şərur düzündə qızılbaşların Ağqoyunluların üzərindəki
qələbəsindən sonra Naxçıvan səfəvilərin hakimiyyətinə keçdi. Səfəvi
təriqətinin şeyxi şah İsmayılın güclənməsinin ən önəmli səbəbi onun
qızılbaş türk tayfalarına güvənməsi ilə əlaqədardır. Təəssüf ki,
tariximiz iki türk dövlətinin: Səfəvi və Osmanlı türk dövlətlərinin
qarşı-qarşıya gəldiyini göstərən hadisələrlə doludur. Buna nümunə
olaraq, Çaldıran Meydan Müharibəsi (1514) göstərilə bilər. Bu durum Əfşar xanədanlığının quruluşuna qədər davam etmişdir.
Əfşar və Qacar dövrü
Adından da göründüyü kimi, Nadir şah Əfşar, əfşarlı türkmənlərinin Kırlu oymağına mənsubdur. 1729-cu ildə II Təhmasibi Səfəvi taxtına çıxaran Nadir şah daha sonra onu da uzaqlaşdıraraq Əfşar xanədanlığını qurmuşdu. O, 1736-cı
ildə Səfəvi sülaləsi nümayəndələrinin formal idarə üsuluna son qoyaraq
özünü İranın şahı elan etdi. Nadir keçmiş inzibati
bölgüləri-bəylərbəylikləri ləğv etdi. Cüxur - Səd - Naxçwan
bəylərbəyliyi də ləğv edilərək Azərbaycan adı altında vahid inzibati
bölgüyə daxil edildi.
III Əhməd və I Mahmud zamanlarında Azərbaycanın Osmanlı
torpaqlarına qatılması dövlətin aparıcı siyasətinə çevrilmiş, ancaq
Rusiyanın bu ərazilərə yiyələnmək istəyi və Nadir şahın bacarıqlı
fəaliyəti Osmanlı dövlətinin bunu gerçəkləşdirməsinə əngəl olmuşdur.
Daha sonra, Azərbaycanın idarəçiliyi yeni bir türkmən boyu olan
Qacarların əlinə keçmişdir (1779).
Naxçıvan xanlığı
Naxchevan 1747-ci
ildə Nadir Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda
iyirmiyə qədər müstəqil feodal dövlətlər - xanlıqlar yarandı.
Azərbaycan xanlıqları qüzey və güneydə iki qrupa bölünürdü:
Qüzeydə: Şəki, Quba, Gəncə, Bakı, Dərbənd, Naxçıvan, Şirvan, Talış, İrəvan, Salyan, Qarabağ, Cavad.
Güneydə: Təbriz, Urmiya, Ərdəbil, Xoy, Qaradağ, Sərab,
Marağa, Maku. XVIII əsrin ortalarında kəngərli tayfa başçısı Heydərqulu
xan özünü Naxçıvanın xanı elan etmişdir. Naxçıvan xanlığına Naxçıvan,
Şərur, Ordubad, Mehri, Qafan və başqa əyalətlər daxil idi. 1787-ci ildə
Naxçıvanın xanı Kalbalı xan oldu. Xanlıqlar dövründə Naxçıvanda bir
qədər dirçəliş baş verdi.
Birinci Rusiya - İran müharibəsi (1805-1813) illərində Naxçıvan xanlığı Gülüstan müqaviləsinə görə İranın hakimiyyəti altında qalmışdı.
İkinci Rusiya - İran müharibəsi (1826-1828) gedişində - 1827-ci
ildə rus ordusu Naxçıvanı tutmuşdu. Naxçıvan xanlığının zorla Rusiyaya
birləşdirilməsi 1828-ci ildə Rusiya və İran arasında bağlanan
Türkmənçay müqaviləsi ilə başa çatdırılmışdı. Naxçıvan 1841-ci ildə qəza mərkəzi oldu. Onun ərazisi 1841-ci ildən Gürcüstan - İmeretiya, 1850-ci ildən isə əslən Azərbaycanlıların idarəçiliyində olan İrəvan quberniyasının tərkibinə daxil idi.
Azərbaycanın digər torpaqları kimi Naxçıvan da rusların hakimiyyəti
altına keçdikdən sonra ermənilərin həmin torpaqlarda yerləşdirilməsinə
başlanmışdır. Bilindiyi kimi, bu bölgələrdə erməni əhalisi azlıqda
qaldığından 1828-ci
ildə Güney Azərbaycandan, Təbriz və çevrəsindən, 1829-1830-cu illərdə
Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan
dairəsində yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər.
1917-ci il fevral - burjua inqilabından sonra, aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmiş, uzun mübahisədən sonra Məhəlli federasiyası yaradılması ideyası qəbul olunmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş və bu hökumət Türkiyə tərəfindən dərhal tanınmışdı.
1917-ci ilin yayında Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmışdı.
1918-ci
ilin əvvəllərində erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda
qırğınlar törətdilər. Bakı daşnakların və eserlərin əlində olduğu bir
şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız Türkiyədən ala bilərdi. Xəlil bəyin başçılığı ilə türk qoşunları Naxçıvanın köməyinə gəldi.
1918-ci
ilin noyabrında Araz Türk Respublikası yarandı. Paytaxtı Naxçıvan
şəhəri olan bu Respublikanın ərazisi 16.000 km2 -ə, əhalisi isə 1
milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərar - Dərələyəz, Ordubad
qəzalarını, habelə Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.
Türkiyənin Birinci Dünya Müharibəsində
məğlubiyyəti Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunlarının
Azərbaycandan, o cümlədən Naxçıvandan çıxarılmasına səbəb oldu.
Türkiyənin özündə də vəziyyətin qeyri-sabitliyi, rusların neft və
sənaye mərkəzi olan Bakını işğal etməyə cəhd göstərməsi, Avropa
ölkələrinin Rus təhdidini görə bilməməsi üzündən Azərbaycan 1920-ci il aprel ayının 28-də ruslar tərəfindən işğal edildi.
Sovetlər Birliyi dövründə Naxçıvan
Naxçıvan Heydər Əliyevin doğma yurdudur
Naxçıvan Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra iyulun
28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Àli orqan olan
Naxçıvan İnqilab Komitəsi seçildi. İnqilab Komitəsi Naxçıvanı
Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış Moskva və Qars
müqavilələrinə əsasən Naxçıvan ölkəsinin üçüncü bir dövlətə güzəştə
gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara
alınmışdı. Naxçıvanın ərazisinin qorunmasında Moskva və Qars
müqavilələrinin mühüm əhəmiyyəti olmuşdur. Sovetlər Birliyi dövründə
Naxçıvanın bir sıra ərazisi Ermənistana verilmiş, qonşu Türkiyə
Respublikası ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qarşısı
alınmışdır.
Naxçıvan 1921-ci il martin 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR
istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. SSRİ-nin
dağılma prosesi 1980-cı
illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və
azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartdı.
Müstəqillik hərəkatını boğmaq üçün 19 Yanvar 1990-cı
ildə Sovet Ordusu hissələri Bakıya girərək qanlı qırğın törətdi. Bundan
8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal
etdi, sərhəd boyu intensiv hücuma keçdi. Yüzlərlə Azərbaycanlı şəhid
oldu. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar
Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars
müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qarar
qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.
1990-cı ildən sonrakı siyasi proseslər
Dağlıq Qarabağ
ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapırdı. Bu
dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən
işğal təhlükəsi gözləyirdi. 1990-cı il iyulun 22-də Heydər Əliyev siyasi təqib ucbatından Moskvadan Naxçıvana gəldi. Fəal siyasətə qayıdan Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Аli Məclisinə sədr seçildi.
Heydər Əliyevin
rəhbərliyi ilə Naxçıvan parlamenti tarixdə ilk dəfə olaraq milli
dövlətçilik ənənəsinin bərpası istiqamətində addımlar atdı. Üç rəngli
dövlət bayrağı qəbul olundu. Bayraq və digər müstəqillik atributları
barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Аli Soveti
qarşısında məsələ qaldırıldı. Ermənistan tərəfindən blokadaya alınan
Naxçıvan MR-in yaşaması üçün İran və Türkiyə ilə ələqələrin
yaxşılaşmasına xüsusi diqqət yetirildi. 1992-ci ildə Azərbaycana bağlı Naxçıvan MR ilə Türkiyə və İran arasında protokollar imzalandı, Araz çayı üzərindən körpülər salındı.
Naxçıvan MR-in təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görüldü. İlk dəfə olaraq Ermənistanla atəşkəsə nail olundu.
Araz çayı, Culfa yaxınlığında
Muxtar dövlətin hazırki vəziyyəti
Muxtar dövlət
Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan
Respublikasının tərkibində muxtar dövlətdir. Sahəsi 5,5 min kvadrat
kilometr, əhalisi 384,5 min nəfərdir (2007).
Hakim din islam, yerli və rəsmi dil Azərbaycan dili, paytaxtı Naxçıvan
şəhəri, ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədridir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş ilk konstitusiyası əsasında hazırlanıb, 1998-ci
il aprelin 28-də muxtar respublikanın Ali Məclisində qəbul edilərək
həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində
təsdiq edilib və 1999-cu
il yanvarın 8-dən qüvvəyə minib. Konstitusiyanın 1-ci maddəsinə görə,
Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan
Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası Konstitusiyası
ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
Muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi
prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan
Muxtar Respublikasının parlamenti – Ali Məclisi, icra hakimiyyətini
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə
hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata
keçirir.
Hakimiyyət bölgüsü
Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik
hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır və
majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ
əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə
seçilən 45 nəfər deputatdan ibarətdir. İldə iki sessiya keçirir;
Azərbaycan Respublikasının prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali
Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Respublikasının
Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir.
Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
sədri muxtar respublikanın ali vəzifəli şəxsidir və Ali Məclisdə 5 il
müddətinə seçilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir.
Baş naziri Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə,
Nazirlər Kabinetinin tərkibini isə baş nazirin təklifi ilə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi təsdiq və təyin edir. Nazirlər
Kabineti muxtar respublikanın büdcəsinin layihəsini hazırlayıb Ali
Məclisə təqdim edir və büdcənin, iqtisadi-sosial proqramların yerinə
yetirilməsini təmin edir, nazirliklərə və digər icra hakimiyyəti
orqanlarına rəhbərliyi həyata keçirir, ümumi qaydalar müəyyən etdikdə
qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul edir.
Muxtar respublikada məhkəmə hakimiyyətini Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad
Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış
məhkəmələri həyata keçirir.
Azərbaycan Respublikası Konstitusiyasınən 109-cu maddəsinin 9-cu
bəndinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini
Azərbaycan Respublikasının prezidenti təyin edir.
Bölgələri
Naxçıvan Muxtar Respublikasının ərazisi 7 inzibati rayona (Babək,
Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünüb; 4 şəhəri
(Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbə, 160 kənd inzibati ərazi
dairəsi var.
Muxtar respublikanın şəhər və rayon ərazi vahidlərini icra
hakimiyyətləri idarə edir. Kənd və qəsəbələrdə isə icra nümayəndələri
fəaliyyət göstərir. İcra hakimiyyətlərinin başçılarını Ali Məclis
sədrinin təqdimatı ilə Azərbaycan prezidenti təyin edir. Yerli
idarəetmə orqanları – bələdiyyələr də mövcuddur.
Nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları
- Daxili İşlər Nazirliyi
- Milli Təhlükəsizlik Nazirliyi
- Ədliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Fövqəladə Hallar Nazirliyi
- Təhsil Nazirliyi
- Səhiyyə Nazirliyi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Mədəniyyət və Turizm Nazirliyi
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
- Gənclər və İdman Nazirliyi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi
- Nəqliyyat Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Dövlət Statistika Komitəsi
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Dövlət Televiziya və Radio verilişləri Komitəsi
- Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
- Dövlət Sosial müdafiə Fondu
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
- Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi*Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
- Dövlət Energetika Agentliyi
Məhkəmə hakimiyyəti və prokurorluq orqanları
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
- Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsi
- Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi
- Ağır Cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi
- Naxçıvan Muxtar Respublikası Prokurorluğu
- Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu
- Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları müvəkkili (ombudsmanı)
- Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası
İstinadlar
|